Bu sənəd Darman mobil tətbiqinin və getdarman.com saytının hansı məlumatları topladığını, onlardan necə istifadə etdiyini və istifadəçinin hansı hüquqlara malik olduğunu izah edir.
Son yenilənmə: 18.10.2026

1. Ümumi məlumat

Darman — dərman qəbulunu, peyvənd təqvimini, profilaktik müayinələri və sağlamlıq gündəliyini izləməyə imkan verən mobil tətbiqdir. Tətbiqdən istifadə etməklə siz bu məxfilik siyasətini qəbul etmiş sayılırsınız.

Darman tibbi diaqnoz qoymur və həkim müayinəsini əvəz etmir. Tətbiqdəki hesablamalar (peyvənd təqvimi, checkup planı) yalnız məlumatlandırıcı xarakter daşıyır.

2. Topladığımız məlumatlar

  • Hesab məlumatları: ad, soyad, telefon nömrəsi, e-poçt ünvanı, parol (birtərəfli heş şəklində — ilkin parolu ondan geri almaq olmur).
  • Profil məlumatları: hər profil üçün ad, doğum tarixi, cins, boy və çəki ölçmələri. Hesab sahibinin öz profilindən əlavə, 18 yaşından kiçik uşaqları üçün ayrıca profillər yaradıla bilər.
  • Sağlamlıq məlumatları: dərman qəbulu qeydləri, peyvənd və müayinə tarixləri, diaqnozlar, analiz nəticələri, yüklədiyiniz tibbi sənədlər, gündəlik qeydləri (əhval, simptom, yemək, idman), menstrual sikl və hamiləlik məlumatları.
  • Texniki məlumatlar: cihaz tipi, əməliyyat sistemi, tətbiq versiyası, bildiriş tokeni, IP ünvanı və giriş jurnalları.
  • Yerləşmə: hava proqnozu bölməsi üçün təxmini koordinatlar. Bu məlumat saxlanılmır, yalnız sorğu anında istifadə olunur.

3. Məlumatlardan istifadə məqsədi

  • Hesabınızı və profillərinizi idarə etmək;
  • dərman, peyvənd, müayinə və digər xatırlatmaları göndərmək;
  • peyvənd təqvimini və profilaktik müayinə planını yaşa və cinsə görə hesablamaq;
  • dəstək müraciətlərinizi cavablandırmaq;
  • tətbiqin təhlükəsizliyini təmin etmək və sui-istifadənin qarşısını almaq.

Məlumatlarınızı reklam məqsədi ilə üçüncü şəxslərə satmırıq və kirayə vermirik.

4. Sağlamlıq məlumatlarına kim baxa bilir

Sağlamlıq məlumatları profilə bağlıdır və standart olaraq yalnız hesab sahibinə görünür.

  • Həkim: yalnız siz onun referans kodu ilə hesabınızı qoşduqdan sonra sizin profillərinizin tibbi qeydlərinə baxa bilər. Bu giriş yalnız oxuma rejimindədir — həkim heç bir qeydi əlavə edə, dəyişə və ya silə bilmir. Əlaqəni istədiyiniz vaxt kəsə bilərsiniz.
  • Administrator: texniki dəstək və sistem nəzarəti çərçivəsində məlumatlara çıxışı var. Bu giriş jurnallanır.
  • Klinika və dərman şirkəti hesabları pasiyentlərin tibbi məlumatlarına çıxış əldə etmir.

5. Üçüncü tərəf xidmətləri

Tətbiqin işləməsi üçün aşağıdakı xidmətlərdən istifadə olunur:

  • Firebase Cloud Messaging (Google) — push bildirişlərin çatdırılması;
  • OpenWeatherMap — hava proqnozu;
  • Google reCAPTCHA — saytdakı formaların spamdan qorunması;
  • e-poçt (SMTP) xidməti — sistem məktublarının göndərilməsi.

Bu xidmətlərə yalnız həmin funksiyanın işləməsi üçün zəruri olan minimum məlumat ötürülür; tibbi qeydləriniz onlara göndərilmir.

6. Health Connect və Apple Health inteqrasiyası

Fəaliyyət və ölçmə göstəricilərini iki yolla daxil edə bilərsiniz: əl ilə yazmaqla, yaxud telefonunuzdakı sağlamlıq tətbiqindən — Android-də Health Connect, iOS-da Apple Health — oxutmaqla. Seçim sizindir: inteqrasiya məcburi deyil və tətbiqin bütün digər funksiyaları onsuz da işləyir.

İcazə versəniz yalnız aşağıdakı data tipləri oxunur:

  • addım sayı, aktiv dəqiqə;
  • yuxu müddəti, yuxunun başlanğıc və bitmə vaxtı;
  • çəki və boy ölçmələri;
  • qan təzyiqi (sistolik və diastolik) və nəbz;
  • qan şəkəri;
  • məşq seansları — növü və müddəti.

Bu əlaqə yalnız oxumaq üçündür: Darman nə Health Connect-ə, nə də Apple Health-ə heç nə yazmır və orada heç nəyi silmir. Oxunan göstəricilər yalnız sizin öz profilinizin gündəliyində və qrafiklərində göstərilir.

Hər qeyddə mənbə saxlanılır, ona görə sinxron yalnız öz yazdığı sətirləri yeniləyir — əl ilə daxil etdiyiniz qeydlərin üzərinə yazılmır.

Məhdudiyyətlər. Health Connect və Apple Health-dən alınan məlumat reklam, marketinq və profilləşdirmə üçün istifadə edilmir, üçüncü tərəflərə satılmır və ötürülmür. İcazəni istənilən vaxt telefonunuzun Health Connect (və ya Apple Health) parametrlərindən geri ala bilərsiniz — bundan sonra yeni data oxunmur, artıq saxlanmış qeydlər isə tətbiq daxilindən silinə bilər. Hesabınızı silsəniz bu yolla toplanmış bütün qeydlər də digər tibbi məlumatlarla birlikdə silinir.

7. Məlumatların saxlanması və silinməsi

Məlumatlarınız hesabınız aktiv olduğu müddətdə saxlanılır. Hesabınızı tətbiq daxilindən və ya bizə müraciət etməklə silə bilərsiniz — bu halda profilləriniz və onlara bağlı tibbi qeydlər silinir. Qanunvericiliyin tələb etdiyi hallarda müəyyən texniki jurnallar məhdud müddət ərzində saxlanıla bilər.

Yüklədiyiniz tibbi sənədlər, yaradılan epikriz PDF-ləri və dəstək müraciətlərinə əlavə etdiyiniz fayllar serverdə şifrələnmiş şəkildə saxlanılır. Bu fayllar birbaşa linklə açılmır: yalnız icazə yoxlamasından keçən sorğu zamanı şifrəsi açılır və sizə (və ya icazə verdiyiniz həkimə) göstərilir.

8. Təhlükəsizlik

Bağlantı HTTPS ilə şifrələnir. Yüklənən fayllar diskdə XChaCha20-Poly1305 alqoritmi (256 bitlik açar) ilə şifrələnir; açar fayllardan ayrı, veb qovluğundan kənarda saxlanılır, hər faylın bütövlüyü də yoxlanılır — dəyişdirilmiş fayl açılmır. Parollar birtərəfli heş alqoritmi ilə saxlanılır, sessiyalar token əsaslıdır və parol dəyişdirildikdə köhnə sessiyalar etibarsız sayılır. Buna baxmayaraq internet üzərindən ötürülən heç bir məlumatın 100% təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.

9. Uşaqların məlumatları

Uşaq profilini yalnız valideyn və ya qanuni nümayəndə yarada bilər. Uşaq profilinin bütün məlumatlarına görə məsuliyyət hesab sahibinin üzərindədir.

10. Sizin hüquqlarınız

  • Məlumatlarınıza baxmaq və onları tətbiq daxilində düzəltmək;
  • profili və ya bütün hesabı silmək;
  • bildiriş tiplərini ayrı-ayrılıqda söndürmək;
  • həkimlə əlaqəni kəsmək;
  • məlumatlarınızın emalı barədə sorğu göndərmək.

11. Dəyişikliklər

Bu siyasət yenilənə bilər. Yenilənmə tarixi səhifənin yuxarısında göstərilir. Əhəmiyyətli dəyişikliklər barədə tətbiq daxilində məlumat veririk.

12. Əlaqə

Məxfiliklə bağlı sualınız varsa bizə əlaqə səhifəsi vasitəsilə və ya «Dəstək, təklif və irad» bölməsindən yaza bilərsiniz.